KAPİTALİZM ADAMI,
DEMOKRATİYA ADAMI
Nə üçün bir
sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə,
ümumiyyətlə, yer üzündən silinib gedir?
Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə
indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.
Nə üçün kapitalizm
və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğrayır?
Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər
mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir?
Qərb dünyasından parlamenti, Konstitusiyanı əxz edərək qanun vasitəsilə
şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçirməyimiz kifayətdirmi
ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?
Görkəmli alman
filosofu və sosioloqu Maks Veber (1864–1920) XX yüzilliyin astanasında bu
suala “yox” cavabını verirdi. Veberin
fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi
mədəniyyətə — həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də,
protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin
kapitalist etikasına yiyələnməlidir.
Veber yazırdı ki,
kapitalizm münasibətləri Qərbdə uydurulmayıb, bunlar bütün sivilizasiyaya xasdır,
ancaq protestant kapitalizminin əsaslı fərqi əməyə xüsusi münasibətdədir. Digər mədəniyyətlərdə “insan yaşamaq üçün işləyir, protestantlar isə işləmək üçün yaşayırlar”. Çünki kalvinistlərin(1) dini təliminə görə,
Allaha sonsuz dualar deyil, uğurlu, Allah-təalanın adını şöhrətləndirəcək əmək
xoşdur. Və əgər insanın əməyi uğurludursa
— ona var-dövlət gətirirsə, ümid edə bilər ki, cənnətdə əbədi həyat üçün Allah
məhz onu seçib. Protestantizmin yayılmasından
yüzilliklər sonra əmək etikasının dini motivi, demək olar ki, unudulmuşdu. Lakin Veberin yazdığı kimi, əməyə xüsusi
münasibət Qərb insanı psixologiyasında özünə möhkəm yer eləmişdi.
Veberin uğurlu
kapitalizm və sabit demokratiyanın protestant etikası ilə əlaqəsi haqqındakı
nəzəriyyəsi dəfələrlə tənqid hədəfinə çevrilmişdi. Veberin opponentləri buna istinad edirdilər
ki, 19 – 20-ci yüzilliklərdə dünyada katolik Fransası, İtaliyası və İspaniyası,
yaxud 20-ci əsrin sonlarında xristian ənənələrinə büsbütün yad olan Sakit okean
bölgəsi ölkələri və müsəlman Türkiyəsi kimi uğurla inkişaf edən kapitalist
ölkələri peyda olmuşdu.
Veberin özü və
onun tərəfdarları buna belə cavab verirdilər ki, inkişaf edən qeyri-protestant
ölkələr çox güman ki, öz mədəniyyətlərində əvvəllər gizli qalan ehtiyatları üzə
çıxara bilmiş və bu, onlara protestant etikasına bənzər əmək etikasını formalaşdırmağa
imkan vermişdir.
Veberin
nəzəriyyəsi Marksın da mənsub olduğu fəlsəfi məktəbə meydan oxumaq demək
idi. Marks iddia edirdi ki, şüuru maddi
varlıq təyin edir. Veber isə bunun tam
əksini sübut edirdi — protestantizm ideyası Qərb ölkələrinin maddi inkişafını
təmin etmişdir.
|